Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
ADY Express şirkəti, beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bir sıra mühüm razılaşmalar imzaladı. Sənədlər İstanbul şəhərində keçirilən “Logitrans Türkiye 2024” sərgisində imzalanıb.
Onlardan biri Çinin Şenjen şəhərində yerləşən Neptun Logistics LTD şirkəti ilə strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması oldu. Sənəd, şirkətlər arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini və Çin ilə Avropa arasında blok qatarları ilə yükdaşıma xidmətlərinin genişləndirilməsini nəzərdə tutur.
Bundan başqa, ADY Express Pasifik Eurasia şirkəti ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Orta Dəhliz boyunca hər iki istiqamətdə yükdaşımaların inkişafı haqqında protokol imzaladı. Razılaşmaya əsasən, hər cümə günü İstanbuldan Azərbaycan, Mərkəzi Asiya və Çin istiqamətində blok qatarlar yola çıxacaq. Əks istiqamətdə isə hər çərşənbə günü Ələt stansiyasından Türkiyə istiqamətində analoji qatar yola salınacaq. Blok qatarlar müntəzəm şəkildə fəaliyyət göstərəcək ki, bu da marşrut üzrə yükdaşımaların səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, İmzalanmış razılaşmalar Orta Dəhliz boyunca logistika proseslərinin faydalılığını artırmağa, ADY Express-in beynəlxalq tərəfdaşlarla əməkdaşlığının dərinləşməsinə və Azərbaycanın ərazisindən tranzit daşımaların inkişafına töhfə verəcək.