44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qazandığı böyük qələbə sayəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəqliyyat dəhlizlərinin ölkə ərazisindən uğurla irəliləməsinə geniş imkanlar açdı. İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının bərpası ilə yanaşı, Zəngəzur dəhlizinin tikintisinə başlanılıb.
Zəngəzur dəhlizi regionun tranzit və logistika potensialını artıracaq. Bu potensialın reallaşması regionda yeni nəqliyyat marşrutlarının yaradılmasına və əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq.
Zəngəzur dəhlizi region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacaq. Dəhliz Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Bundan əlavə, Rusiya və İrana nəqliyyat marşrutları aktivləşdirilir.
Zəngəzur dəhlizinin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq.
Əsası 2021-ci ilin fevralında Azərbaycan Prezidenti tərəfindən qoyulan Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xəttinin tikintisi üç mərhələdə aparılır.
Layihə-tikinti işləri minatəmizləmə prosesi ilə paralel aparılır.
Layihənin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.