Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi olan “ADY Express” Azərbaycan–Gürcüstan marşrutu üzrə ekspres konteyner blok-qatar xidmətini istifadəyə verib.
ADY və “Gürcüstan Dəmir Yolları” SC arasında imzalanmış ikitərəfli sənədə uyğun olaraq, 30 yanvar tarixində Azərbaycan və Gürcüstan arasında ilk ekspres konteyner blok-qatarı uğurla yola salınıb.
Bu mühüm hadisə regionda logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Razılaşmaya əsasən, “ADY Express” MMC bundan sonra ekspres konteyner blok-qatar daşımalarını qrafik üzrə həftəlik əsasda və daimi şəkildə həyata keçirəcək.
Yeni blok-qatar xidmətinin əsas məqsədi müştərilər üçün daşımaların həftədə bir dəfə əvvəlcədən təsdiq olunmuş qrafik üzrə və eyni saatda təmin edilməsidir. Blok-qatarın tam formalaşmasından asılı olmayaraq, qatarlar müəyyən edilmiş qrafik əsasında yola salınacaq ki, bu da müştərilərə logistika proseslərini daha dəqiq planlaşdırmaq imkanı yaradır.
Ekspress konteyner blok-qatarları Poti / Batumi – Ələt Limanı, Abşeron stansiyası, Sumqayıt yük terminalı və əks istiqamət üzrə hərəkət edəcək.
Yeni xidmət Orta Dəhliz üzrə yükdaşımaların sürətinin və səmərəliliyinin artırılmasına, regional logistika əməkdaşlığının möhkəmləndirilməsinə, eləcə də beynəlxalq ticarət üçün çevik və etibarlı nəqliyyat həllərinin formalaşdırılmasına xidmət edir. Eyni zamanda, müştərilər üçün sürətli, stabil və proqnozlaşdırıla bilən daşıma imkanları yaradılır.
“ADY Express” MMC-nin həyata keçirdiyi bu təşəbbüs Azərbaycanın regionda mühüm logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsinə və beynəlxalq yük axınlarının cəlb edilməsinə yönəlib.