Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
Çinin Sian şəhərində Çin-Avropa marşrutu üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə konteyner qatarının yola salınmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, 55 ədəd qırx futluq konteynerdən ibarət qatar "Sian Beynəlxalq Liman" stansiyasından yola düşüb və Budapeşt istiqamətinə hərəkət edir.
Tədbirdə Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan dəmir yollarının nümayəndələri, habelə Şensi vilayəti və Sian şəhərinin partiya komitəsi və hökumətinin nümayəndələri iştirak ediblər.
Qatarın Bakı şəhərinə təxminən 8-11 gün ərzində çatmaq üçün 7 min kilometrə yaxın məsafəni qət etməsi nəzərdə tutulur. Qatarın son nöqtəsi olan Budapeştə təxminən 25 günə çatacağı gözlənilir.
Daşınma müddətinin qısaldılması və yeni səviyyədə xidmətlərin göstərilməsi, TBNM-ə üzv olan ölkələrin dəmir yolu və liman administrasiyaları arasında səmərəli əməkdaşlıq sayəsində mümkün olub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi tanınan bu marşrut Çin və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.